REGİONLAR
Tərtər rayonunun Xoruzlu kəndinə təbii qaz verilib
Tərtər, 24 sentyabr, AZƏRTAC
Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Xoruzlu kəndi də əlavə olunub. 308 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 650 metr polietilen və 18 min 626 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb.
Məlumat verilib ki, rayonun 51 yaşayış məntəqəsindən 40-ı təbii qazla təmin olunub. Seydimli, Ağkənd və Azad Qaraqoyunlu kəndlərinə qaz xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə qaz çəkilişi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla “mavi yanacağ”ın verilişi təmin ediləcək.
Çıxış edən sakinlər regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.