REGİONLAR
Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur VİDEO
Tərtər, 27 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı Layihəsi" çərçivəsində Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Tikinti işlərini aparan “TTŞ İnşaat” MMC-nin sahə rəisi Rüstəm Məmmədov AZƏRTAC-a bildirib ki, “Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” şəhəri və ətraf 11 kəndi əhatə edir. Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib və 9 subartezian quyusu qazılıb. Rayonun dayanıqlı su təchizatını təmin etmək məqsədilə tutumu 5000 kubmetr olan su anbarı tikilib. İkinci su anbarında tamamlama işləri aparılır. Mənbədən anbarlara qədər uzunluğu 3,6 kilometr olan 225-355 millimetrlik polietilen borularla suyığıcı xətt çəkilib.
Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması yekunlaşmaq üzrədir. 2500 ünvana ev birləşməsi verilib, 1600 smart sayğac quraşdırılıb.
Layihəyə uyğun olaraq Tərtər şəhərində kanalizasiya şəbəkəsi də yaradılır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 103 min 763 metr uzunluğunda kanalizasiya xəttinin çəkilməsi də nəzərdə tutulub ki, onun da böyük hissəsi başa çatıb. 1680 ədəd dəmir-beton baxış quyusu tikilib, 2400 ünvana kanalizasiya birləşməsi verilib.
Tərtər şəhərinin Heydər Əliyev prospekti, Q.Mehdiyev, F.Qulami, S.Qurbanov, E.Hüseynov və M.Əsədov küçələrində kanalizasiya və su xətlərinin çəkildiyi hissələr asfaltlanıb.
Hazırda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir. İşlərin 2016-cı ilin dekabrınadək başa çatdırılması nəzərdə tutulur. 2035-ci ilədək inkişaf perspektivi nəzərə alınmaqla, gələcəkdə layihədən 47 min nəfər faydalanacaq.