REGİONLAR
Tərtər: səyyar qəbulda Kəbirli kənd sakinlərinin müraciətləri dinlənilib
Tərtər, 15 avqust, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirakı ilə növbəti görüş Kəbirli kəndində keçirilib.
Kənd sakinlərindən Vəli Xasıyev, Raquf Məmmədov, Sarvan Həsənov və başqaları müraciət edərək rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin fasiləsiz elektrik enerjisi və təbii qazla ilə təmin olunmasına görə razılıqlarını bildirib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Kəndarası yolların təmir olunmasına, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə subartezian quyularının qazılmasına, elektrik naqillərinin SİP kabellərlə əvəzlənməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.