REGİONLAR


Tərtərdə 15 yeni subartezian quyusu istifadəyə verilib

Tərtər, 9 iyun, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına qazılmış 15 ədəd subartezian quyusu istifadəyə verilib. Bu münasibətlə rayonun İlxıçılar kəndində keçirilən tədbirdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və rayon icra hakimiyyətinin nümayəndələri, aidiyyəti idarə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov tədbirdə çıxış edərək, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan danışıblar. Bildirib ki, son iki ildə Tərtər rayonunda 31 subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu gün isə Sarıcalı kəndində 2, Kəngərli, Xoruzlu, Kəbirli, Mamırlı, Köçərli, Azad Qaraqoyunlu, İlxıçılar, Qapanlı, Qaraağacı, Əskipara, Seydimli, Qaynaq, Qazyan kəndlərinin hər birində 1 ədəd olmaqla, ümumilikdə 15 subartezian quyusu sakinlərin istifadəsinə verilir. Bu subartezian quyuları vasitəsi ilə 700 hektar əkin sahəsi suvarılacaq.

Tədbirdə çıxış edən kənd sakinləri suvarma suyuna olan tələbatlarının ödənilməsinə, cəbhə xəttində yaşayan əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.