Tərtərdə 3852,1 ton xurma istehsal edilib
Tərtər, 31 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun xurma bağlarında məhsul yığımı başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda 410,4 hektar xurma bağı var. Bu bağların 288,4 hektarı bar verəndir. Bu il rayonda xurma bağlarından 3852,1 ton məhsul toplanılıb. Bu da ötən ilki göstəricidən 615,5 ton çoxdur.
Tərtərli fermerlər xurma bağlarını ilbəil genişləndirirlər. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, cari ildə rayonda 10,3 hektar sahədə yeni xurma bağları salınıb. Kəndli fermerlər əsasən xurmanın “şişburun” və “karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşumuz olan Rusiya bazarlarında hər iki növdən olan xurmaya olan tələbat böyükdür. Odur ki, yığılan xurmanın çox hissəsi Rusiya bazarlarına aparılır.
Rayonun xurma istehsalı ilə məşğul olan kəndlərindən biri də Ələsgərli kəndidir. Kənd icra nümayəndəsi Kamran Əhmədovun dediyinə görə, hazırda kənddə 10 hektarı bar verən olmaqla, 17 hektar xurma bağı var. Yaxşı qulluq görən hər bir xurma ağacı 200 kiloqramadək məhsul verir. Xurma ağacının məhsuldar olması və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Bu il kənd sakinləri tərəfindən 500 tondan artıq xurma yığılaraq satışa çıxarılıb. 9-10 kiloqramlıq “şişburun” növ xurma yeşiyinin qiyməti 5-7 manat, “karalyok” növ xurmanın qiyməti isə 2-3 manat arasında dəyişir.
Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibində şəkər, protein, yağlar, C vitamini və aşı maddəsi var. Xalq təbabətində xurma müxtəlif mədə xəstəliklərinin müalicəsində tətbiq edilir.