REGİONLAR
Tərtərdə “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib
Tərtər, 10 sentyabr, AZƏRTAC
Tərtər rayonunun Gənclər Mərkəzində “Dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə gənclər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov ölkəmizdəki dövlət-din münasibətləri və mövcud dini durum barədə məlumat verib, rayonda dini və mənəvi əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması ilə bağlı maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Bildirib ki, Tərtər rayonunda 5 məscid, bir dini icma fəaliyyət göstərir. Ərazidə olan məscidlər və ziyarətgahlar bələdiyyələrin balansına verilib. Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən dini işlər üzrə komissiya zərərli dini ədəbiyyatın rayona gətirilməsinin və yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirir. Rayon ağsaqqalları, din adamları və hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov gəncləri dini ekstremizmin fəsadlarından qorumağın yollarından söz açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin silahlı münaqişələrə səbəb olması və meydana gətirdiyi fəsadlardan danışıb, ona qarşı mübarizədə maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.