REGİONLAR
Tərtərdə abadlıq-quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edib
AZƏRTAC xəbər verir ki, növbəti görüş Xoruzlu kəndində keçirilib. Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Görüşdə sakinlərdən Vəli Xasıyev, Nizami Abbasov, Ayaz Məmmədov, Tükəzban Məmmədova və başqaları kənddə əhalinin həyat şəraiti və bəzi problemlərdən söz açıb, arzu və təkliflərini bildiriblər. Qeyd edilib ki, kənddə aparılan abadlıq-quruculuq işləri, 7 kilometr məsafədə yolun təmir olunması, yeni subartezian quyularının qazılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir. Bununla belə, kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, məktəb binasının əsaslı təmirinə ehtiyac vardır.
Görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıq edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.