REGİONLAR


Tərtərdə aqrar sektorun inkişaf perspektivləri müzakirə olunub

A+ A

Rayonların aqrar sahədə potensialı öyrənilir, mövcud problemlərin həllinə dair fermerlər və torpaq mülkiyyətçiləri ilə fikir mübadiləsi aparılır

Tərtər, 27 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Uçot və statistika işinin düzgün qurulması, kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşmanın aparılması, istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, iri təsərrüfatların, kooperativlərin yaradılması aqrar sektorun inkişafı üçün vacib amillərdəndir.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri ilə Tərtər rayonunda keçirilən görüşdə bu barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, iyulun 27-də Ağdam rayonundan sonra, günün ikinci yarısında işçi qrupun üzvləri Tərtərə gəlib, Azad Qaraqoyunlu, Zolgörən, İrəvanlı kəndlərində və Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında pambıq və çuğundur əkini sahələrinə baxış keçiriblər.

Sonra Tərtər Rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Tərtərdə aqrar sahədəki mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, rayonda 1000 hektardan artıq sahədə pambıq səpini aparılıb. Gələn il 3 min hektardan çox pambıq əkini aparılması planlaşdırılır. Bu il, həmçinin uzun fasilədən sonra 1 tona yaxın barama tədarük edilib. Növbəti illərdə 4-5 ton barama istehsalı nəzərdə tutulur. Eyni zamanda, bildirilib ki, bu il 12 min 214 hektar taxıl sahəsindən 41 min 233 ton məhsul əldə olunub.

Müşavirədə çıxış edən işçi qrupun rəhbəri Azər Əmiraslanov aqrar islahatlardan, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf perspektivlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Bunun nəticəsində aqrar sektorda əsaslı dəyişikliklər baş verməkdədir.

İşçi qrupun fəaliyyət istiqamətlərini şərh edən A.Əmiraslanov diqqətə çatdırıb ki, qrup tərəfindən indiyədək 40-dan çox rayona səfərlər təşkil edilib, kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılıb və bununla bağlı müşavirələr keçirilib.

Qeyd edilib ki, dövlət kənd təsərrüfatını prioritet sahə kimi elan edib. Ölkədə aqrar sahədə yeni mərhələ başlayır. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı istiqamətində böyük işlər görülür. Əvvəllər yalnız taxıl istehsalçılarına subsidiyalar verilirdisə, indi artıq pambıq, tütün istehsalçılarına da subsidiyalar ayrılır. Gələn ildən barama istehsalçılarına da subsidiya verilməsi nəzərdə tutulur.

Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Rayonda suvarma suyu ilə təminatın yaxşılaşdırılması, korporasiyaların yaradılması, tingçilik təsərrüfatlarının texnikalarla təmin edilməsi, respublikanın müxtəlif yerlərində ağac tinglərinin satışının təşkili və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.