REGİONLAR
Tərtərdə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Tərtər, 31 yanvar, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl Tərtər rayonunun əkin sahələri Sərsəng su anbarından çəkilən kanallar və Tərtər çayı vasitəsilə suvarılırdı.
Sərsəng su anbarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Tərtər rayonunda əkinlərin suvarma suyu ilə təminatı çətinləşib. Ermənilər anbarın suyunu payızın sonu və qış aylarında buraxır, suya ehtiyac olan yaz-yay aylarında isə suyun qarşısı kəsirlər. Odur ki, rayonda əkin sahələrinin suvarılması əsasən subartezian quyuları vasitəsilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, rayon əhalisinin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə 2013-cü ildə qazılmış 7 subartezian quyusu ötən il ərzində istifadəyə verilib, 32 yeni subartezian quyusu qazılıb, 8 subartezian quyusu bərpa olunub. 233 subartezian quyusunun nasosları, 1 quyunun transformatoru əsaslı təmir edilib, 51 yararsız nasos və 2 transformator yenisi ilə əvəzlənib.
Bundan başqa, Qapanlı arxının Səhləbad kəndindən keçən hissəsində 320 metr, Qaraağacı arxında 760 metr beton üzlük çəkilib. Su bölgüsünü asanlaşdırmaq və su itkisinin qarşısını almaq məqsədilə R-7 kanalının R-7-1 paylayıcısının 3880 metrlik hissəsinin tikintisi başa çatıb. R-8-1 paylayıcısının 5600 metrlik hissəsinin tikintisi davam etdirilir.
Ötən il il suvarma sistemlərində 920 min kubmetr lildən təmizləmə işi aparılıb, daşqın və selə qarşı mübarizə məqsədilə 69 min kubmetr torpaq işləri görülüb.
Tərtər rayonunda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.