CƏMİYYƏT
Tərtərdə on bir maşının akkumulyatorlarını oğurlayanlar tutulub
Bakı, 6 iyun, AZƏRTAC
Tərtər rayon mənzil istehsalat-təmir istismar sahəsinin rəhbərliyi cari il mayın 26-dan 30-dək olan müddətdə oranın qazanxanasından 2 qızdırıcı, 2 su mühərriki, 6 elektrik açarı və 100 metr elektrik naqilinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidovun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupu tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Fariq Məmmədov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun ötən ilin iyunundan cari ilin aprelinədək olan müddətdə rayon ərazisində “VAZ” markalı 11 avtomobildən akkumulyatorlarını oğurlamaları, həmçinin bu əməlləri həmyerliləri olan Şəhriyar Səlimzadə və Elmdar Süleymanzadə ilə birgə törətdiyi də müəyyən edilib.
Sonrakı əməliyyat tədbirləri ilə Ş.Səlimzadə və E.Süleymanzadə də tutulublar. Saxlanılan zaman Ş. Səlimzadənin üzərindən 1,89 qram narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.