CƏMİYYƏT
Tərtərdə qrad raketinin mühərrik hissəsi aşkarlanıb VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 19-da Tərtər şəhərində qazıntı işləri aparılan küçədə bir təhlükəli əraziyə baxış keçiriblər. Bu zaman partlamamış hərbi sursat – “9M22U” qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Gün ərzində 500 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-dən sentyabrın 19-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3480 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 41 mina aşkarlanaraq zərərsizləşdirilib.