REGİONLAR
Tərtərdə səsvermə prosesini 383 müşahidəçi izləyir
Tərtər, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsi uğurla davam edir.
95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının sədi Həmid Mehdiyev AZƏRTAC-a bildirib ki, ümumxalq səsverməsi seçki dairəsinin 38 məntəqəsində keçirilir. Məntəqələrdə səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kamera quraşdırılıb. Səsvermə prosesini 383 müşahidəçi izləyir. Dairə üzrə seçicilərin ümumi sayı 37880 nəfərdir. 528 nəfər gənc ilk dəfə olaraq səsvermə hüququndan istifadə etmək imkanı qazanıb. 23 seçicinin isə yaşı 100-dən yuxarıdır.
Seçki dairəsinin digər məntəqələrində olduğu kimi, Tərtər şəhər mədəniyyət evinin binasında yerləşən 1 saylı məntəqədə də səsvermə yüksək səviyyədə keçirilir. Məntəqə seçki komissiyasının sədri Məzahir Cəfərov bildirib ki, məntəqədə səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb, səsvermə prosesini izləmək üçün veb-kamera quraşdırılıb. Burada səsvermə hüququ olan 1420 nəfər seçici səhər saat 8.00-dan etibarən məntəqəyə gəlir, vətəndaşlıq borclarını yerinə yetirirlər. Sakinlər, xüsusən də qadınlar səsvermədə fəallıq göstərirlər.
Səsvermədə iştirak edən Tərtər şəhər sakini Aybəniz Səfərova bildirib ki, səsvermə şəffaf, demokratik keçir. Heç bir təzyiq yoxdur. Məntəqədə seçicilər üçün yaradılan şəraitdən də razıyam.
Səsvermənin gedişini izləyən müşahidəçı Vüsalə Göyüşova səhər saat 8-dən məntəqədə olduğunu, heç bir qanun pozuntusuna rast gəlinmədiyini bildirib.