CƏMİYYƏT
Tərtərdə tank əleyhinə qumbara aşkar olunub
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 7-də iki əkin sahəsinə, 2 partlayış yerinə, 1 otlaq sahəsi və 1 təhlükəli əraziyə baxış keçiriblər. Nəticə etibarilə gün ərzində 5 min 500 kvadratmetr ərazi təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Əhmədağalı kəndində partlamış hərbi sursatların - top mərmisinin və 9M22U - Qrad raketinin qalıqları, Tərtər rayonunun Şıxarx kəndində 1 ədəd partlamamış tank əleyhinə qumbara (PQ-7) aşkar olunub. Hərbi sursat daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə göndərilib.
Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyulun 7-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 577 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 15 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.