REGİONLAR
Tərtərdə taxıl sahələrində məhsuldarlıq orta hesabla 35,8 sentner olub
Tərtər, 5 sentyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 7932 hektarda buğda, 4282 hektarda arpa, 195 hektarda lobya, 2 hektarda darı, 1 hektarda sarqo, 153 hektarda qarğıdalı, 918 hektarda dən üçün günəbaxan, 534 hektarda kartof, 918 hektarda tərəvəz əkiblər.
Rayonda ötən ilin payızında səpilmiş 12 min 214 hektar taxılın biçilməsi müvəffəqiyyətlə başa çatdırılıb, 29 min 586 ton buğda, 11 min 647 ton arpa tədarük edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 35,8 sentner olub. Taxıl biçini başa çatdıqdan sonra 271,7 hektar sahədə təkrar əkin aparılıb, payızlıq əkinləri üçün 3770 hektar sahə şumlanıb.
Bundan başqa, 967 ton lobya, 3 ton darı, 0,2 ton sarqo, 632 ton qarğıdalı, 2148 ton günəbaxan, 5831 ton kartof, 11 min 416 ton tərəvəz, 5299 ton meyvə və giləmeyvə, 309 ton üzüm yığılıb.
Hazırda torpaq mülkiyyətçiləri qarğıdalı, tərəvəz, meyvə və üzüm yığımını davam etdirirlər.