REGİONLAR
Tərtərdə yazlıq əkinlərin sahəsi 48,7 faiz artıb
Tərtər, 2 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işlərinin qızğın çağıdır. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günədək 8 min 872 hektar sahədə yazlıq səpin həyata keçiriblər. Bunun 3123 hektarı pambıq, 1541 hektarı şəkər çuğunduru, 1632 hektarı dən üçün günəbaxan, 1065,8 hektarı müxtəlif növ tərəvəz, 498 hektarı kartof, 284 hektarı dən üçün qarğıdalı, 635,4 hektarı çoxillik yem bitkiləri, 34,9 hektarı darı, 11,2 hektarı soya və digər bitkilərdir.
Bu ilin yazlıq əkin sahələri keçən ilin müvafiq dövrünə nisbətən 48,7 faiz, o cümlədən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, dən üçün günəbaxan əkini 77,8 faiz, müxtəlif növ tərəvəz əkini 16,1 faiz, dən üçün qarğıdalı əkini 85,6 faiz, bostan bitkilərinin əkini 40 faiz çoxdur.