REGİONLAR
Tərtərli fermerlər çiyələk istehsalında yüksək göstəricilərə nail olublar VİDEO
Tərtər, 16 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun İrəvanlı kəndində əhalinin əsas məşğuliyyət növlərindən biri çiyələk istehsalıdır. Bir neçə ildir ki, kənd sakinləri Böyük Britaniyanın “Oxfam” Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə yeni texnologiyadan istifadə etməklə və məhsuldar çiyələk növlərini becərməklə yüksək göstəricilərə nail olurlar.
İrəvanlı kənd çiyələk sınaq şitilyetişdirmə məntəqəsinin qrup rəhbəri Afət Novruzova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, çiyələk istehsalçıları son illərdə məhsuldarlığı ilə seçilən “Viktoriya” növünə daha çox üstünlük verirlər: “Əvvəllər yerli çiyələk yetişdirirdik. Lakin onun məhsuldarlığı az olmaqla yanaşı, saxlama müddəti də qısa idi. Yığılan məhsul bir günə satılmasa, xarab olurdu. 2011-ci ildə “Oxfam” təşkilatı tərəfindən çiyələk istehsalçılarına təlimlər keçirildi. Türkiyədə təcrübədə olduq. Yeni becərmə üsulunu öyrəndik. Bizə daha məhsuldar “Viktoriya” çiyələk növünün şitillərini tövsiyə etdilər. Yeni becərmə üsulunun tətbiqi və “Viktoriya” növünün əkilməsi sayəsində elə ilk ildə yüksək məhsuldarlığa nail olduq”.
Onun sözlərinə görə, əgər əvvəllər bir hektardan 10-12 ton məhsul götürülürdüsə, “Viktoriya” növündə 22-25 ton məhsul əldə etmək mümkündür. Yeni növün üstünlüklərindən biri də aprelin sonundan noyabr ayınadək davamlı məhsul verməsi və dərilmiş çiyələyin saxlama müddətinin daha artıq olmasıdır.
Afət Novruzova çiyələyin becərmə texnologiyası haqqında da danışaraq bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlarır, peyin verilir. Şitilin əkilməsi sentyabrın sonlarında həyata keçirilir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də diqqətdə saxlanılmalıdır.
“Bu il, həmçinin Türkiyədən gətirilmiş yeni çiyələk növü də əkmişik. Sınaq üçün əkilmiş yeni çiyələk növünün bir hektarından 50 ton məhsul istehsalı gözlənilir”, - deyə Afət Novruzova vurğulayıb.