REGİONLAR
Tərtərli fermerlər günəbaxan yığımına başlayıblar
Tərtər, 12 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda son illər günəbaxan bitkisinin becərilməsinə maraq artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, torpaq mülkiyyətçiləri bu il 918 hektarda günəbaxan yetişdiriblər. Artıq məhsul yığımına başlanılıb. Bu günədək 227 hektar günəbaxan sahəsindən 510 ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 22,5 sentnerdir.
Günəbaxan istehsalı ilə ən çox məşğul olan kəndlərdən biri Xoruzlu kəndidir. Bu kənddə əhalinin 30 faizindən çoxu günəbaxan bitkisi becərir. Bu il 310 hektarda günəbaxan becərən kənd əməkçiləri sahələrdə bol məhsul yetişdiriblər. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə mal-qara yemi kimi istifadə edilir. Məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə edilir. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.
Qeyd edək ki, ötən il Tərtər rayonunda 928 hektar sahədə günəbaxan yetişdirilib, 2162 ton məhsul əldə edilib.