REGİONLAR
Tərtərli gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar
Tərtər, 13 iyul, AZƏRTAC
Çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli surətdə yola salınması cəbhə bölgəsi olan Tərtərdə ənənə halını alıb.
AZƏRTAC xəbər verir ki, Tərtər şəhərindəki Heydər Əliyev adına parkda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib. Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Mərasimdə çıxış edən ictimaiyyətin nümayəndələri, ağsaqqallar, Böyük Vətən və Qarabağ müharibəsi veteranları, valideynlər gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik edərək, ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər. Çıxışlarda tərtərlilərin Qarabağ müharibəsi zamanı şücaətindən, Tərtər rayonundan olan Milli qəhrəmanlar Vəzir Orucovun, Elman Hüseynovun, Azərbaycan Bayrağı ordenli Ədalət Paşayevin, həmçinin Mübariz İbrahimovun və Fərid Əhmədovun igidliklərindən danışılıb, onların hər bir gənc üçün örnək olduğu bildirilib.
Çağırışçılar Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını ifadə edərək, ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.
Gənclər müqəddəs Qurani-Kərimə və dövlət bayrağımıza ehtiramlarını bildirərək, yüksək əhval-ruhiyə ilə hərbi hissələrə yola düşüblər.