REGİONLAR
Tərtərlilər gələn il 3000 hektar sahədə pambıq əkməyi qarşıya məqsəd qoyublar
Tərtər, 21 sentyabr, AZƏRTAC
Tərtər rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq qəbulu məntəqələri əməkdaşlarının, pambıq istehsalçılarının, fermerlərin, mütəxəssislərin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdikləri toplantıda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda pambıqçılığın inkişafı sahəsində görülən işlərdən danışıb.
M.Məmmədov qeyd edib ki, rayonun məhsuldar torpaqları və iqlim şəraiti pambıq əkini üçün əlverişlidir. Sovet dövründə rayonda bir ildə 11 min hektara yaxın pambıq əkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdü. Vaxtilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində vəziyyət tamamilə dəyişdi. Bunun əsas səbəblərindən biri dünya bazarında pambığın qiymətinin aşağı düşməsi olsa da, digər mühüm səbəb erməni qəsbkarlarının “Sərsəng” və “Madagiz” su anbarlarını işğal etməsi nəticəsində rayonda ciddi su qıtlığının yaranması, sovet dövründən qalmış texnikanın tədricən yararsız hala düşməsidir.
Diqqətə çatdırılıb ki, bu gün rayonda pambıqçılıqda vəziyyət tamamilə dəyişib. 2015-ci ildə cəmi 550 hektar sahədə pambıq əkilmişdisə və hər hektardan 16,2 sentner pambıq istehsal edilmişdisə, cari ildə 1035 hektar sahədə pambıq becərilib. Dövlətin dəstəyi bu sahədə öz nəticələrini göstərir. Belə ki, rayona lizinq yolu ilə müasir texnikanın gətirilməsi, pambığın satınalma qiymətlərinin ötən illərə nisbətən artırılması insanlarda bu gəlirli sahəyə maraq oyadıb. 2017-ci ildə 3000 hektar pambıq əkilməsi qarşıya məqsəd qoyulub.
Məlumat verilib ki, bu il pambıq tarlalarında bol məhsul yetişib. Məhsulun vaxtında və itkisiz toplanması üçün lazımi işlər görülüb. Artıq məhsul yığımına başlanılıb. Rayonda pambığın qəbulu və tədarükü “CTS Aqro” MMC və “MKT İstehsalat Kommersiya” MMC tərəfindən həyata keçirilir.
Çıxışlarda bildirilib ki, son 3 ildə rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə 41 subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq cari təsərrüfat ilində rayonda 14 subartezian quyusunun qazılması işlərinə başlanılıb.
Müşavirədə pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlərdən danışılıb, pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, “ağ qızıl”ın vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olunub.