ELM VƏ TƏHSİL
Test imtahanlarına cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər üçün treninqlər başa çatıb
Bakı, 6 mart, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən imtahanlara zal nəzarətçisi qismində cəlb olunması nəzərdə tutulan müəllimlər üçün yanvarın 26-dan başlayan treninqlər martın 5-də başa çatıb.
Komissiyadan AZƏRTAC-a bildirilib ki, TQDK-nın mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş treninqlər respublikanın bütün şəhər və rayonları üzrə 2 min 143 təhsil müəssisəsini əhatə edib.
Treninqlərdə Bakı, Sumqayıt və Abşeronun orta ümumtəhsil müəssisələrindən 4. 574, TQDK-nın Naxçıvan MR Regional Bölməsi üzrə 673, Gəncə Regional Bölməsi üzrə 1.901, Lənkəran Regional Bölməsi üzrə 1.495, Xaçmaz Regional Bölməsi üzrə 836, Şəki Regional Bölməsi üzrə 1.125, Şirvan Regional Bölməsi üzrə 1.174, Göyçay Regional Bölməsi üzrə 1234, Ağcabədi Regional Bölməsi üzrə isə 1.166 müəllim iştirak edib.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib.
Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş olunub, imtahanın gedişi ilə bağlı prosedur qaydaları izah edilib, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib.
Treninqlərdə nəzarətçi-müəllimlərin sualları cavablandırılıb, şəxsi anket məlumatları dəqiqləşdirilib.
İştirakçılar, xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər TQDK tərəfindən apreldə keçiriləcək sınaq imtahanlarına cəlb ediləcəklər. Bu da onların seminarlarda qazandıqları nəzəri biliklərin təcrübədə tətbiqinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~MuOCn