ELM VƏ TƏHSİL
“Təsviri sənət” istiqamətli ixtisaslar üzrə seminar
Bakı, 1 dekabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində ali təhsil müəssisələrinin dekorativ sənət, heykəltəraşlıq, qrafika, rəngkarlıq, dizayn (V qrup), təsviri incəsənət müəllimliyi ixtisasları üzrə elmi-metodik seminar keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, seminarda qabiliyyət imtahanları proqramlarının və qiymətləndirmə meyarlarının təsdiqlənməsi və digər məsələlər müzakirə olunub.
Dekorativ sənət, heykəltəraşlıq, qrafika, rəngkarlıq, dizayn (V qrup), təsviri incəsənət müəllimliyi ixtisasları üzrə qəbul proqramları və qiymətləndirmə meyarları müzakirələrdən sonra təsdiqlənib. Həmin proqramlar və qiymətləndirmə meyarları TQDK tərəfindən nəşr ediləcək “Təsviri sənət” vəsaitində veriləcək.