ELM VƏ TƏHSİL
Təsviri sənət müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 22 may, AZƏRTAC
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın bütün bölgələrindən məktəblilərin iştirak etdikləri müsabiqənin təşkil edilməsinin məqsədi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını təbliğ etmək, şagirdlərə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaqdır.
İki mərhələ üzrə keçirilən müsabiqədə ümumilikdə 753 rəsm əsəri qiymətləndirilib.
Birinci zona üzrə müsabiqəyə 83 ümumtəhsil müəssisəsindən 270 rəsm əsəri təqdim edilib. Əsərlər Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.