ELM VƏ TƏHSİL
Texniki Universitetdə “Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakı, 28 sentyabr, Günel Məlikova, AZƏRTAC
Sentyabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) “Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçəklər düzüblər.
Tədbirdə çıxış edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov konfransın keçirilməsində məqsədin maşınqayırmada intellektual texnologiyalar sahəsində müasir elmi-texniki istiqamətlər üzrə mütəxəssislərin apardıqları tədqiqatları və alınmış nəticələri müzakirə etmək olduğunu bildirib. Qeyd olunub ki, konfrans vasitəsilə texnoloji inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi mümkün olacaq.
Tədbirdə iştirak edən tanınmış alimlərin təcrübə və bilik mübadiləsi aparmaları üçün geniş imkanlar yaradılıb.
Təhsil nazirinin müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov keçirilən tədbirin əhəmiyyətindən danışıb. Alim bu mərasimin elmin, iqtisadiyyatın, texnologiyanın inkişafına ciddi təsir göstərəcəyini bildirib. Elmi fəaliyyətin formalaşması və inkişafının dövlət siyasətinin əsas məqsədi olduğunu vurğulayıb. Qeyd edib ki, elmi fəaliyyət sahəsində əsas məqsəd elm və təhsilin vəhdətidir, buna nail olmağa çalışmaq lazımdır.
Digər çıxış edənlər tədbirin maşınqayırma sahəsinin prioritet məsələlərini əhatə edəcəyinə əminliklərini ifadə ediblər.
Konfransda Türkiyə, Rusiya, Almaniya və Ukraynadan olan elm adamları, böyük zavod və müəssisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları iştirak edir.
Üç gün davam edəcək tədbirdə təqdim olunmuş “İntellektual idarəetmə sistemləri”, “Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri”, “Maşınların layihələndirilməsində innovativ metodlar”, “Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər”, “Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası”, “Bərk cisim, maye və qaz mexanikasının problemləri”, “Logistik sistemlər”, “Təhsildə intellektual texnologiyalar və resurslar” mövzularında elmi məqalələr müvafiq bölmələr üzrə dinləniləcək.