CƏMİYYƏT
“Texnoloji idarə” layihəsi çərçivəsində ilk seminar təşkil edilib
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatı dəstəyi ilə həyata keçirilən “Texnoloji idarə” layihəsinin açılışı olub və ilk seminarı keçirilib.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, Birliyin əlaqələndiricisi Elmar Məmmədov layihənin məqsədinin paytaxt gənclərinə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yenilikləri, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT-nin imkanlarından istifadə etməklə əldə olunan biliklər vasitəsilə gənclərin cəmiyyətin inkişafında fəal rol oynamalarına şərait yaratmaq olduğunu deyib. O, layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etmək üçün ətraflı məlumat verib.
Sonra iştirakçılara sosial media marketinqi, mobil marketinq, sosial media və rəqəmsal marketinq strategiyası, CV-nin yazılma qaydaları, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsi ilə bağlı seminar keçirilib. Layihə çərçivəsində, həmçinin gənclərin məşğulluğunun artırılması, onlara fəal vətəndaşlıq hissinin aşılanması üçün təqdimatlar hazırlanıb, maarifləndirici bukletlər nəşr edilib. Bundan başqa, həmin işləri əks etdirən “Texnoloji idarə” adlı videoçarx təqdim olunub.
Seminarda 40-dan çox tələbə və media nümayəndəsi iştirak edib.