İQTİSADİYYAT
Texnoparkların fəaliyyətində Türkiyə təcrübəsi öyrənilir
Bakı, 20 sentyabr (AZƏRTAC). Texnoparkların fəaliyyətində beynəlxalq təcrübənin, o cümlədən Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə İqtisadi İslahatlar Elmi -Tədqiqat İnstitutunun əməkdaşları Arzu Hüseynova və Nərminə İsmayılova Ankara şəhərində səfərdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində əməkdaşlar Orta Doğu Texniki Universitetinin nəzdində ODTÜ Texnoparkı, ODTÜ-OSTİM Texnoparkı, OSTİM nəzdindəki sənaye bölgəsi, Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK), Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstək İdarəsi (KOSGEB), Ankara İnkişaf Agentliyi, eləcə də bir sıra sənaye müəssisələri və şirkətləri ilə tanış olublar.
Qeyd edək ki, görülən işlər institutun iş planına müvafiq olaraq, “Azərbaycanda beynəlxalq təcrübə əsasında texnoloji innovasiya məqsədli texnopark və aqroparkların yaradılması üzrə təklif və tövsiyələrin hazırlanması” mövzusunda tədqiqat işi çərçivəsində həyata keçirilir.