İDMAN


Teymur Rəcəbov: Şahmatçılarımız sonadək mübarizə aparacaqlar

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

“Baku Crystal Hall”da keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda kişilərin yarışında xorvatiyalı şahmatçı Mladen Palaçı məğlub edən Azərbaycanın əsas milli komandasının üzvü Teymur Rəcəbov komandamızın qələbə qazanmasında həlledici rol oynayıb.

AZƏRTAC xəbər verir ki, partiyadan sonra jurnalistlərə müsahibə verən şahmatçımız deyib: “Oyuna yaxşı başladım və demək olar ki, üstünlük qazanmaq üçün rəqibin gözləmədiyi gedişləri etdim. Əvvəldən üstünlüyüm olmasa da, tədricən hər şey dəyişdi. Fil ilə gedişdən sonra bərabərlik görünmürdü. Qonşu masadakı Rauf Məmmədovun oyununu izləyirdim. Raufun qələbə qazanmaq şansları göründüyü halda, müdafiəyə daha çox diqqət etməyə başladım. Rəqib fikirləşməyə çox vaxt itirdi. Tez qələbə qazanmaq üçün gedişləri saymağa başladı və nəticədə çox vaxt itirdi. Seytnota düşməyə yaxınlaşırdı. Fürsətdən istifadə edərək oyunu düzgün qurdum və yekunda qələbə qazandım. Sevinirəm ki, bizim üçün hər şey yaxşı başa çatdı”.

T.Rəcəbov Olimpiadada yığmamızın sonadək mübarizə aparacağını qeyd edərək bildirib: “Qarşıda 4 tur var. Hazırda proqnoz vermək düzgün olmaz. Bakıdakı Olimpiadada dünyanın ən güclü komandaları mübarizə aparır. Azərbaycan millisi ilk turdan maksimum nəticə uğrunda yarışır. Hindistanla oyunda məğlubiyyət çox acınacaqlı oldu. Həmin oyunda tam fərqli nəticə qeydə alına bilərdi. Arkadi Naydiç də kifayət qədər yaxşı vəziyyət idi. Şəhriyar Məmmədyarovda üstünlük hiss olunurdu. Partiyanı uğurla başa vurmaq olardı, təəssüf ki, istədiyimiz alınmadı. Hindistanla oyunda məğlubiyyətə layiq deyildik. Bununla belə mübarizəni sonadək davam etdirəcəyik. İndi hər bir tur ümumi nəticə baxımından çox vacibdir”.

Şahmatçımız doğma Bakıda mübarizə aparmağın asan olmadığını bildirib: “Azərbaycanda çıxış etmək böyük məsuliyyətdir. Çoxlu sayda azarkeş arenaya gələrək komandamıza dəstək olur. Müəyyən mənada təzyiq hiss olunur. Doğma insanların qarşısında oynamaq çətindir. Fikrimcə, yığmanın hər bir üzvü peşəkardır. Bundan əvvəl də biz Bakıda, Şəmkirdə, digər şəhərlərimizdə çıxış etmişik. Elə etməliyik ki, Bakıda doğma divarlar arasında uğur qazanaq”.

Karyerasında səkkizinci Olimpiadada iştirak etdiyini vurğulayan T.Rəcəbov 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək təşkilatçılığından danışarkən deyib: “Bu, iştirak etdiyim səkkizinci olimpiadadır. Mən adətən təşkilatçılıq haqda yarış başa çatdıqdan sonra danışıram. Yeddi turdan sonra əminliklə demək olar ki, Bakı olimpiada tarixində ən yaxşı turniri keçirir. Şahmatçılar ən gözəl otellərdə məskunlaşıb, qidalanma və nəqliyyat məsələləri qaydasındadır. Bir sözlə, təşkilatçılıq yüksək səviyyədədir. Bütün qonaqlar təşkilatçılıqdan razılığını bildirirlər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.