İDMAN
Teymur Rəcəbov: Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Azərbaycan idmanı üçün tarixi hadisədir
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan şahmatçısı, qrossmeyster Teymur Rəcəbov Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Uzun müddətdir heç bir yarışda iştirak etmirsiniz. Bunun səbəbi nə ilə əlaqədardır?
- Bu müddətdə güclü heyətin təmsil olunduğu super turnirdə iştirak etməyi planlaşdırırdım. Amma dəvət almadım. Buna görə də demək olar ki, məşq və hazırlıq planlarım pozuldu.
- Bir neçə gündən sonra Şəmkirdə Vüqar Həşimovun ənənəvi xatirə turnirində iştirak edəcəksiniz. Hansı hədəflər uğrunda mübarizə aparacaqsınız?
- Mən həmişə turnirlərdə maksimum nəticə uğrunda mübarizə aparmağa çalışıram. Şəmkirdə də mümkün qədər yaxşı çıxış etməyə çalışacağam.
- Dünya çempionu Maqnus Karlsen bu dəfə Şəmkir turnirində iştirak etməyəcək. Sizcə, onun iştirak etməməsi turnirdə rəqabətə necə təsir edəcək?
- Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə sonuncu çıxışım zamanı norveçli Maqnus Karlsenlə görüşlərdən birində qələbə qazanmağa nail olmuşdum. Ona görə Karlsenin bu dəfə də Şəmkirdə mübarizə aparması daha yaxşı olardı. Maqnus bu turnirdə iştirak etsəydi, sözsüz ki, favorit olardı. Lakin onun bu il turnirdə iştirak etməməsi digər şahmatçılar arasında qələbə uğrunda rəqabəti artıracaq.
- Hazırda Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməyə hazırlaşır. Bu yarışın Azərbaycan paytaxtında təşkili ilə bağlı fikirləriniz maraqlı olardı?
- Biz, Azərbaycan şahmatçıları Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışın Bakıda keçiriləcəyi ilə fəxr edirik. Azərbaycan çoxlu sayda vacib yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Məhz bunun nəticəsidir ki, haqlı olaraq Azərbaycan dünyada mötəbər idman yarışlarının ən yaxşı təşkilatçısı kimi tanınır. Şahmat Olimpiadasının Bakıda təşkili, eyni zamanda, biz şahmatçıların məsuliyyətini artırır. Mümkün qədər yaxşı çıxış edərək azarkeşlərimizə sevinc bəxş etmək istəyirik.
- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasından Bakıdakı Olimpiadada hansı nəticəni gözləmək olar?
- Əgər istədiyimiz mübarizəni göstərsək milli komandamızdan ən yüksək nəticələri gözləmək olar. Unutmaq olmaz ki, Azərbaycan yığması ikiqat Avropa çempionudur.
- Şahmat Olimpiadası Azərbaycan idmanına nə verəcək?
- Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi və əlamətdar hadisədir. Bu, bütün dünyada, o cümlədən ölkəmizdə şahmatın təbliğinə böyük təkan olacaq. Olimpiada dünya mətbuatında geniş işıqlandırılır. Şahmat Olimpiada uşaqların idmanın bu növünə marağının daha da artmasına kömək edəcək. İnkişaf üçün gənc nəslin şahmatla məşğul olması vacibdir. Şahmatla məşğul olan uşaqlar pis vərdişlərdən uzaq olur.
- Azərbaycanda hazırda şahmatın vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan millisinin ikiqat Avropa çempionu olduğunu qeyd etdim. Millimiz müxtəlif illərdə qitə birinciliyinin gümüş və bürünc mükafatçısı olub. Azərbaycan şahmatçılarından mənimlə Şəhriyar Məmmədyarov iki dəfə dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmişik. Azərbaycan şahmatının potensialı yüksəkdir.
- Olimpiadada Azərbaycan 3 kişi, 3 qadın komandası ilə çıxış edəcək. Sizcə gənc şahmatçılara olimpiadada iştirak necə təsir edəcək?
- Şübhəsiz ki, bizim gənc şahmatçılarımız böyük təcrübə qazanacaqlar. Psixoloji mübarizədə böyük məktəb keçəcəklər. Bu, daha yüksək səviyyəyə qalxmaq üçün mühüm təkan olacaq. Ümid edirəm ki, Bakı Şahmat Olimpiadasından sonra kişi və qadın yığma komandalarımız güclü ehtiyat qüvvə əldə edəcək.
- 2016-cı ildə hansı yarışlarda iştirak edəcəksiniz?
- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun xatirə turnirində iştirak edəcəyəm. Sonra Ümumdünya Şahmat Olimpiadası, ardınca komandalar arasında İspaniya çempionatında, Korsikada sürətli şahmat üzrə turnirdə mübarizə aparacağam. İlin sonunda isə Qətərdə təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında çıxış edəcəyəm.
- Maraqlı müsahibəyə görə təşəkkür edirəm və sizə qarşıdakı yarışlarda uğurlar arzulayıram.
- Çox sağ olun. Minnətdaram.