CƏMİYYƏT
Təyyar Altıkulacı: Azərbaycan hər zaman milli mənəvi dəyərlərə bağlılığı ilə seçilib
Bakı, 21 aprel, AZƏRTAC
Türkiyənin sabiq dəyanət işləri başqanı Təyyar Altıkulac Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib ki, Azərbaycan hər zaman öz tolerantlığı, milli mənəvi dəyərlərə bağlılığı ilə seçilən ölkə olub.
Azərbaycana bağlılığından danışan Təyyar Altıkulac ölkəmizə etdiyi səfərləri, ulu öndər Heydər Əliyevlə görüşlərini xatırlayıb. Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən Təyyar Altıkulac respublikamızın uğurlarına hər zaman sevindiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sədr Mübariz Qurbanlı Təyyar Altıkulacın Türkiyə dəyanət işləri başqanı olduğu dövrdən Azərbaycanla din sahəsində münasibətlərin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb. Sabiq başqanın iki ölkə arasında din sahəsində əlaqələrin inkişaf etdirilməsində böyük xidmətləri olduğunu bildirən Mübariz Qurbanlı Türkiyəyə rəsmi səfərindən, orada keçirdiyi səmərəli görüşlərdən danışıb. Bildirib ki, bu səfər iki ölkə arasında din sahəsində əlaqələrin daha da genişlənməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.
Görüşdə İslam dininin, müsəlman ölkələrinin indiki durumu, dünyada yaşanan islamofobiya prosesləri, İslam dini altında radikal cərəyanların yayılması və İslamı nüfuzdan salmaq cəhdləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, İslam dininin əsl mahiyyətini, onun terror dini deyil, sülh və barış dini olduğunu bütün dünyaya çatdırmaq vacibdir.