DÜNYA


Təyyarə ilə səfər edənlərin sayı 6,3 faiz artıb

Cenevrə, 3 fevral, AZƏRTAC

Ötən il dünyada təyyarə ilə səyahət edənlərin sayı rekord həddə çatıb. Belə ki, aviaşirkətlərin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2016-cı ildə 6,3 faiz artaraq 3,7 milyard nəfər təşkil edib.

Bu məlumatı mərkəzi qərargahı Cenevrədə yerləşən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bütün aviaşirkətlərin statistikası əsasında yayımlayıb. Sərnişinlərin sayının artmasına təyyarə qiymətlərinin ucuzlaşması da müsbət təsir göstərib. 2015-ci illə müqayisədə 2016-cı ildə təyyarə qiymətləri orta hesabla 44 ABŞ dolları ucuzlaşıb. Ümumilikdə 700 yeni istiqamət üzrə reyslərin açılması da daha bir faktor kimi sərnişin statistikasında öz əksini tapıb.

IATA-nın rəhbəri Aleksandr de Yuniac hökumətləri aviasiya sənayəsi ilə əməkdaşlığı gücləndirməyə çağırıb. O qeyd edib ki, getdikcə artan sərnişin kütləsinin idarə edilməsi üçün müvafiq infrastruktur inkişaf etdirilməlidir. Bu şərtin təmin olunduğu təqdirdə inkişaf və yeni iş yerləri üçün böyük potensialdan yararlanmaq, sərnişin bumunu sabit vəziyyətdə saxlamaq mümkün olacaq.

IATA-nın "qanadları" altında 260-dək aviaşirkət birləşib. Həmin aviaşirkətlər dünya üzrə bütün uçuşların 80 faizini həyata keçirir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.