CƏMİYYƏT


“Təzə bazar" MMC-dəki sexdən götürülmüş ətlərdə bakterioloji çirklənmə aşkarlanıb

Bakı, 13 yanvar, AZƏRTAC

“Təzə bazar" MMC-də əti sümükdən ayıran gizli sexdə aşkar edilmiş qida üçün yararsız ətlərin laboratoriya müayinələri yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, yanvarın 6-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında DBNX-nin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də reyd keçirilib. Reyd zamanı “Təzə bazar” MMC-nin ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkar edilib. Sexə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kiloqram heyvan əti, 5 ədəd ağ polietilen torbalarda 64 kiloqram sümükdən ayrılmış heyvan əti, 5 ədəd heyvanların daxili orqanları aşkarlanıb.

Ümumi çəkisi 445 kiloqram olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olunmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticələri məlum olanadək aşkar edilən heyvan ətləri və daxili orqanlar müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinə zamanı 19 nümunə ətdə və 5 nümunə daxili orqanda bakterioloji çirklənmə aşkarlanıb. Eləcə də bakterioloji müayinə zamanı 7 nümunə ətdə və 5 nümunə daxili orqanda salmonella typhimurium, 12 nümunə ətdə isə BÇQB (bağirsaq çöpü qrupunun bakteriyaları), stafilakokkus aureus aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən 19 nümunə ətin və 5 nümunə daxili orqanın keyfiyyətsiz olması, 5 nümunə ətin iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tam yararsız olması müəyyənləşdirilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Məmmədağa İbrahimov barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilməklə ciddi inzibati tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.