İQTİSADİYYAT
Tezliklə 88 nömrəli marşrutda gediş haqqının ödənilməsi “BakıKart” vasitəsilə həyata keçiriləcək
Bakı, 21 oktyabr, Elvin Camalov, AZƏRTAC
Yaxın vaxtlarda 88 nömrəli marşrutda gediş haqqının ödənilməsi “BakıKart” vasitəsilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində xidmət səviyyəsini artıran, nağdsız ödəniş sisteminə qoşulan daşıyıcılara xüsusi önəm verilir. Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir.
N.Allahyarovanın sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi “BakıKart” vasitəsilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir.