SİYASƏT
“The American Spectator” nəşrində ABŞ xarici siyasətində Azərbaycanın vacibliyi qeyd edilib
Vaşinqton, 2 sentyabr, AZƏRTAC
ABŞ-ın “The American Spectator” nəşrində “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq redaktoru Maayan Caffe-Hoffmanın ABŞ-ın müttəfiqi olan müsəlman dövlətləri və onların Vaşinqton üçün əhəmiyyəti barədə məqaləsi dərc olunub.
Müəllif yazır ki, “terrorizm dövründə” müsəlman ölkələrinin dəstəyi Amerika və onun müttəfiqləri üçün mühüm amildir. Hesabatlara əsasən, 2016-cı ildə 50 ölkədə 1274 terror hücumu baş verib. Bu hücumlar nəticəsində 11.774 nəfər ölüb və 14.300 nəfər xəsarət alıb. Maayan Caffe-Hoffman yazır ki, bu cür şəraitdə diqqəti düşmənə yönəltmək əvəzinə, biz müsəlman dünyasındakı əsl müttəfiqlərimizə – gündəlik həyatlarında Qərb dəyərlərinə inteqrasiya səyləri edənlərə xüsusi əhəmiyyət verməliyik. Bu məqsədlə ABŞ diqqətini Yaxın Şərqdən yayındırmalı və Avrasiyaya cəmləməlidir.
Məqalə müəllifi vurğulayır ki, bu bölgədə əhalisinin böyük hissəsi müsəlman olan çoxlu gənc demokratik ölkələr var. Bu dünyəvi ölkələr ABŞ-a kömək etməyə hazırdır və Qərb onları təşviq etməli və dəstəkləməlidir. Maayan Caffe-Hoffmanın fikrincə, Azərbaycan, Albaniya və Qazaxıstan buna yaxşı nümunə ola bilər.
Dini tolerantlığın vacibliyinə əsaslanan M.Caffe-Hoffman yazır ki, Azərbaycanda yəhudilər, müsəlmanlar və xristianlar Yaxın Şərqə və digər bölgələrə xas olan münaqişə şəraitində yaşamırlar. Bundan başqa, Azərbaycanda dini ekstremizmə mütləq dözümsüzlük siyasəti var. Hökumət Qafqaz Müsəlmanları İdarəsini yaradıb. Bu qurum İŞİD-in toruna düşə biləcək potensial şəxslərin monitorinqində iştirak edir. Həmçinin insanların radikallaşmasında mühüm element olan dini ədəbiyyat yoxlanılır.
Sonda məqalə müəllifi ABŞ siyasi elitasını Azərbaycan, Qazaxıstan və Albaniya kimi ölkələrə xüsusi diqqət yetirməyə çağırır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton