SİYASƏT


“The Asian” qəzeti: Multikulturalizm Azərbaycanda dövlət siyasətidir

A+ A

Seul, 1 noyabr, AZƏRTAC

Koreya Respublikasının nüfuzlu “The Asian” qəzetində “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir” başlıqlı məqalə dərc olunub.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25-ci ildönümü münasibəti ilə ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov ilə müsahibə əsasında hazırlanan məqalədə xalqımızın XX əsrdəki azadlıq mübarizəsindən, Azərbaycanda ilk respublikanın hələ ötən əsrin əvvəlində elan olunmasından söhbət açılıb.

R.Teymurov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolundan, Ermənistanın hərbi təcavüzündən bəhs edib. O, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunması ilə müxtəlif sahələrdə inkişafa nail olunmasından, Prezident İlham Əliyevin rəhbərliyi altında son illər qazanılan uğurlardan danışıb. Azərbaycanın liderliyi ilə həyata keçirilən irimiqyaslı layihələr – Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Şahdəniz,” TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışan səfir bütün bunların sayəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirib.

Azərbaycandakı multikultural dəyərlərdən söz açan R.Teymurov müsahibəsində multikulturalizmin ölkəmizdə tarixən mövcud olduğunu, müxtəlif millətlərin və fərqli dinlərin nümayəndələrinin Azərbaycanda mehriban şəraitdə yaşamasının bir nümunə kimi qəbul olunduğunu deyib.

Son illər Azərbaycanın beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrildiyini qeyd edən səfir Bakıda ilk Avropa Oyunlarının, Formula-1 yarışının, Şahmat Olimpiadasının, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, Bakı Humanitar Forumunun və digər tədbirlərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, gələn il Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirib.

Diplomat müsahibəsində Azərbaycan-Koreya münasibətlərindən də danışıb, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımızın inkişaf etdiyini, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.