SİYASƏT
“The Daily Caller” Azərbaycandakı dini tolerantlıq barədə yazıb
Vaşinqton, 16 noyabr, AZƏRTAC
ABŞ-da çıxan “The Daily Caller” nəşrində siyasi şərhçi, 2016-ci ildə çapdan çıxmış “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Din, azadlıq və ABŞ Konstitusiyasına Birinci düzəliş” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə ABŞ Konstitusiyasına Birinci düzəlişdə əksini tapmış və Azərbaycan üçün də səciyyəvi olan dini azadlıq və çoxkonfessiyalılıqdan danışılır.
R.Kontreras yazır ki, əslində, məhz din seçiminin azad olması dünyanın çox hissəsində insanların parçalanmasına şərait yaradır. Amma təəccüblüdür ki, müsəlman dünyasının mərkəzində elə bir ölkə yerləşir ki, bu ölkədə dövlətin din azadlığına münasibətdə siyasəti əyani görünür. Bu yaxınlarda Bakıda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumundan söz açan müəllif yazır ki, forum iştirakçıları üç məsciddə, rus pravoslav kilsəsində, Roma Papası Fransiskin oktyabrın 2-də ziyarət etdiyi katolik kilsəsində və Bakının mərkəzindəki sinaqoqda olublar. Onlar Qubadakı iki sinaqoqu da ziyarət ediblər. Ekspert vurğulayır ki, bütün kilsə və sinaqoqlar dünyəvi dövlət olan Azərbaycanın hökumətindən maliyyə dəstəyi alırlar.
Daha sonra məqalədə ölkənin yəhudi icmasının nümayəndəsi olan Azərbaycan Ali Məhkəməsinin hakimi Tatyana Qoldman barədə məlumat verilir. Müəllif yazır ki, T.Qoldmanın babası Azərbaycana hüquqşünas kimi fəaliyyət göstərə bilmədiyi Ukraynadan mühacirət edib. O, hüquqşünas karyerasına Azərbaycanda başlayıb, T.Qoldman da babasının yolunu davam etdirib. Hazırda Ali Məhkəmənin hakimi vəzifəsində çalışan T. Qoldman Azərbaycanın dini tolerantlıq sahəsində nailiyyətlərinin göstəricisidir.
Sonda məqalə müəllifi yazır ki, dünyada sinaqoq və məscidin yanaşı yerləşdiyi başqa ölkə yoxdur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton