SİYASƏT
“The Daily Caller”: “Nüvə silahının yayılması və nüvəli Ermənistan təhlükəsi”
Vaşinqton, 17 mart, AZƏRTAC
Amerikada çıxan “The Daily Caller” qəzetində avstraliyalı siyasi icmalçı, Yaxın Şərqdə, Avrasiyada və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan Castin Emlerin “Nüvə silahının yayılması və nüvəli Ermənistan təhlükəsi” sərlövhəli məqaləsi dərc olunub. Məqalə Ermənistan tərəfindən nüvə silahının və nüvə materiallarının yayılması təhlükəsi mövzusuna həsr edilib.
Müəllif yazır ki, İkinci Dünya müharibəsi başa çatan vaxtdan nüvə qarşıdurması bəşəriyyətin üzləşdiyi əsas ekzistensial təhlükə olub. İkinci Dünya müharibəsi dövründən başlayan “soyuq müharibə”yə səbəb sovetlərin barışmazlığı və paranoyyası, həmçinin ABŞ-ın sovet ekspansionizmini dayandırmaq qətiyyəti idi. Nüvə müharibəsi təhlükəsi yarandığı vaxtdan bəşəriyyəti heç vaxt tərk etməyib. Sovet İttifaqı dünya arenasından silinəndə isə ekspertlərin gözləntilərinə rəğmən, nüvə müharibəsi təhlükəsi aradan qalxmayıb, çox ehtimal ki, o, desentralizasiya olunub.
Müəllif nüvə materiallarının yayılması və nüvə hücumu təhlükəsi barədə söhbət açaraq yazır ki, Ermənistanda sovet dövründən qalma alimlər və mühəndislər nüvə silahı istehsalı imkanına malikdirlər. Ölkə həm nüvə döyüş başlıqlarını, həm də adi döyüş silahlarını hədəfə çatdırmağa imkan verən “İskander” 9K720 markalı müasir raketlər alıb.
C.Emler yazır ki, erməni lobbisinin guya Ermənistanın Birləşmiş Ştatlar üçün müttəfiq millət olması barədə uydurmaları reallıqdan uzaqdır, çünki Ermənistan müstəqil xarici siyasət yürütmək iqtidarında deyil, onun sərhədləri və hava məkanı başqa dövlət tərəfindən qorunur. Kəşfiyyat orqanlarının vəzifəli şəxsləri İŞİD-in və digər terror qruplarının “çirkli bombalar” yaratmaq üçün material əldə etməyə çalışdıqlarını bildirəndə biz münaqişə zonalarında, xüsusən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda nüvə materiallarının yad əllərə düşməsinin nə dərəcədə təhlükəli olmasını anlayırıq.
Ekspert öz məqaləsinin sonunda yazır ki, Amerikanın bu məsələlərdə iştirak etməməsi səbəbindən, başqa qüvvələr ABŞ-ın nizamsız xarici siyasətinin nəticəsi olan boşluqlardan daha birini dolduraraq öz strateji ambisiyalarını reallaşdırmaq imkanı əldə ediblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton