DÜNYA


“The Japan Times” qəzeti: Tokio Kuril adaları məsələsində xal toplaya bilmədi

Tokio, 18 dekabr, AZƏRTAC

Yaponiyanın əsasən diplomatik dairələr arasında populyarlığı ilə seçilən “The Japan Times” qəzeti Rusiya Prezidentinin bu Gündoğar ölkəyə səfərinə həsr edilmiş analitik məqalə yayıb. Məqalədə vurğulanır ki, Yaponiya hökuməti Kuril adalarının statusu məsələsində “diplomatik cüdoda” xal toplaya bilməyib. İki ölkənin liderləri yalnız birgə iqtisadi fəaliyyət barədə razılıq əldə edə biliblər.

Həmin məsələdə yapon tərəfində cari ilin mayında Baş nazir Şinzo Abenin Vladimir Putinlə Soçidə baş tutan görüşü zamanı təklif etdiyi “yeni yanaşma” ilə irəliləyişə ümid yaranmışdı. Lakin dekabrın 15-16-da Yaponiyada aparılan danışıqlarda Tokio heç bir uğura nail ola bilmədi. Politoloq Ceyms Braunun sözlərini sitat gətirən qəzet yazır: “Budəfəki sammit Yaponiyaya heç nə vermədi”.

Məqalədə qeyd edilir ki, görüşün başlanğıcında Ş.Abenin Kuril adaları məsələsində nümayiş etdirdiyi “açıq ruh yüksəkliyinə” baxmayaraq, danışıqlarda alternativ yanaşma hiss olunmadı. Baş nazirin yapon tənqidçilərinin qənaətinə görə, bu diplomatik qarşılaşmada Rusiya qalib tərəf kimi çıxış etdi. Bunu iki ölkə arasında iqtisadi əməkdaşlığın Ş.Abenin təklif etdiyi 300 milyard yen həddinə çatdırılması planı da təsdiq edir.

Bununla yanaşı, bir sıra politoloqlar qeyd edirlər ki, görüş zamanı Ş.Abenin “danışıq tərzi”nə baxmayaraq, Baş nazir həmin məsələdə ciddi irəliləyişə ümid etmirdi. Tokio Fondunun Rusiya üzrə eksperti Taisuke Abirunun sözlərini sitat gətirən qəzet yazır: “Dialoq iki ölkə arasında qarşılıqlı inamın əldə olunmasına, sonradan danışıqlar masasının arxasında irəliləyişə hədəflənmişdi”.

Yaponiya ilə Rusiya arasında münasibətləri II Dünya müharibəsindən keçən uzun müddətə baxmayaraq, sülh müqaviləsinin olmaması mürəkkəbləşdirir. Yaponiya bu müharibənin nəticəsi olaraq, Rusiyanın nəzarətinə keçən İturup, Kunaşir, Şikotan və Habomai adalarını öz əraziləri hesab edir. Bunun hüquqi bazası kimi 1855-ci ildə iki ölkə arasında imzalanan Ticarət və Sərhədlər barədə Traktat əsas göstərilir. Rəsmi Tokio həmin adaların geri qaytarılmasını Rusiya ilə sülh müqaviləsinin imzalanmasının əsas şərti kimi göstərir. Moskvanın mövqeyinə görə isə, Kuril adaları II Dünya müharibəsinin nəticələrinə görə SSRİ-nin tərkibinə daxil edilib və beynəlxalq hüquq normalarına əsasən Rusiyanın bu adalar üzərində suveren hüququ şübhə doğura bilməz.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.