SİYASƏT


“The Jewish Journal” nəşrində Azərbaycanda qadınların imkanları haqqında məqalə dərc edilib

A+ A

Vaşinqton, 30 avqust, AZƏRTAC

ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı soyqırımının şahidi, həmin qanlı qırğından möcüzə sayəsində sağ çıxmış Dürdanə Ağayevanın “Məktəbə qayıdış və geniş açıq dünya ilə görüş” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yaxınlaşan yeni dərs ili, qızının məktəbdə məşğələlərə hazırlaşması və qadın kimi Azərbaycanda onun üçün əlyetərli olan geniş imkanlar barədə söhbət açır.

D.Ağayeva yazır: “Mənim ölkəm Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi demokratik dövlətdir. Bizim hökumət çoxkonfessiyalığı dəstəkləyir və təşviq edir, bütün dinlərə hörmətlə yanaşır”.

Müəllif qeyd edir ki, Azərbaycanda yəhudi və xristian qadınlara da təhsil almaq hüququ və müvafiq imkanlar verilib. Halbuki dünyanın digər müsəlman cəmiyyətlərində belə imkanlar heç də həmişə əlyetərli deyil. Müəllif vurğulayır ki, Azərbaycanda elmlər doktorlarının 50 faizi qadınlardır. Azərbaycan qadınlarına seçki hüququ hələ 1919-cu ildə, yəni ABŞ-da qadınların bu cür hüquqlar almasından bir il əvvəl verilib.

D.Ağayeva qızının yaxşı təhsil almaq istəyini və arzusunu dəstəkləyərək, ona Azərbaycanın fərqlənmiş qadınlarının uğurları barədə danışır. Məsələn, Leyla Məmmədbəyova ilk azərbaycanlı qadın təyyarəçi idi (1931-ci il). O, həmçinin Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olub. Altı uşaq böyütmüş Leyla Məmmədbəyova çoxsaylı paraşütçü və pilot hazırlayıb, Mərkəzi Asiya ilə Cənubi Avropa arasında uçuşu həyata keçirmiş ilk qadın təyyarəçidir.

D.Ağayeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai və siyasi xadim, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi böyük nailiyyətləri haqqında yazır. O, həmçinin Azərbaycanın digər qadınlarının – Milli Məclisin sədr müavini Bahar Muradovanın, parlamentin deputatları Qənirə Paşayevanın və Sevinc Fətəliyevanın, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın da uğurlarını xatırladır.

Müəllif sonda yazır ki, Azərbaycan qadını hansı karyera yolunu seçməsindən asılı olmayaraq, ölkənin inkişafına öz müsbət töhfəsini verə biləcək. Çünki o, həyatın bütün sahələrində uğurlar qazanan kişilərin və qadınların bərabərliyi prinsiplərinə əsaslanan ölkədə yaşayır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.