SİYASƏT
“The Korea Herald”: Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı qəbuledilməzdir
Məqalədə cari ilin iyulunda üç azərbaycanlı məcburi köçkünün – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun Şaplar kəndində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülməsi, H.Həsənovun qəddarlıqla qətlə yetirilməsi və cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması, digər iki azərbaycanlının isə harada saxlanıldığı barədə heç bir informasiyanın olmamasından bəhs edilir.
Yazıda soydaşlarımızın öz ailə üzvlərinin məzarlarını ziyarət etmək üçün Şaplar kəndinə getdikləri və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində girov götürülərək erməni mətbuatında “diversiya qrupu” kimi qələmə verilmələrinin əsassız olduğu göstərilir. Girov götürülmüş şəxslərin əvvəllər də işğal olunmuş ərazilərə səfər etdikləri və bu səfərlərə aid videoları “Youtube” internet portalında yerləşdirdikləri vurğulanaraq, bunun “diversant qrupu”na xas olmayan hərəkət olduğu sübut edilib.
“The Koreaa Herald”ın məqaləsində, həmçinin Kəlbəcər rayonunun 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar qəbul etdiyi 822 saylı qətnamə və ümumilikdə Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumat verilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul