SİYASƏT
“The New York Times” qəzetində Ermənistan-Azərbaycan münaqişəsi haqqında məqalə dərc olunub VİDEO
Vaşinqton, 2 fevral, AZƏRTAC
“The New York Times” qəzetində Azərbaycanın Dağlıq Qarabağ regionunda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində silahlı toqquşmaların davam etməsi barədə məqalə dərc olunub.
Məqalənin müəllifi Devid Qerşenqorn yazır ki, son aylar Ermənistan və Azərbaycan arasında hərbi münaqişə kəskinləşib, nəticədə hər iki tərəfdən hərbi qulluqçular həlak olub. Jurnalist xatırladır ki, Ermənistanın pilotsuz təyyarəsi Ağdam rayonunun yaxınlığında Azərbaycan ordusu tərəfindən vurulub. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər Ağdam şəhərində 40 minədək azərbaycanlı yaşayıb.
Sülh danışıqlarının təfərrüatına toxunan müəllif yazır ki, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistanı öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur etmək üçün ölçü götürməyi tələb edib. D.Qerşenqorn vurğulayır ki, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından əvvəl Ermənistan tərəfindən işğal olunmuş torpaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdəbir hissəsini təşkil edir.
Məqalədə hər iki tərəfin mövqeyi göstərilib. Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyəti gözdən keçirən müəllif yazır ki, region Ermənistanın “oyuncaq” qurumudur. Buranın əhalisi xarici ölkələrə Ermənistan pasportu ilə gedir və rəsmi şəxslərin bir çoxu, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda dünyaya gəlib.
D.Qerşenqorn öz yazısında Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı qaçqınların və məcburi köçkünlərin ağır şəraitdə yaşamasından söz açır. Erməni qaçqınlardan da müsahibə alan jurnalist qeyd edir ki, keçmiş Bakı sakini, hazırda Xankəndi bazarında xırdavat satan İrina Xaçaturyan Bakıya qayıtmaq arzusundadır.
Yusif Babanlı
AZƏRTAC–ın xüsusi müxbiri
Vaşinqton