SİYASƏT


“The Washington Times” qəzeti Roma Papasının Bakıya tarixi səfərindən yazır

A+ A

Vaşinqton, 7 oktyabr, AZƏRTAC 

“The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Roma Papasının tarixi səfəri” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Roma Papası Fransiskin Azərbaycana bu yaxınlardakı səfərindən danışılır. Diplomat yazır ki, katolik kilsəsi başçısının vaxtilə keçmiş Sovet İttifaqının bir hissəsi olmuş Qafqaz regionuna səfəri özlüyündə əhəmiyyətlidir, lakin əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dünyəvi dövlət olan Azərbaycana gəlməsinin dərin mənası var. O da diqqətəlayiqdir ki, bu, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı 25 il ərzində Roma Papasının bu ölkəyə ikinci səfəridir: II İohann Pavel 2002-ci ildə Bakıya səfər etmişdi.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev Roma Papasının səfərinə xüsusi önəm verərək onu “tarixi” səfər kimi səciyyələndirib. Azərbaycanın əsrlər boyu davam edən tolerantlıq ənənəsinə sadiq qaldığını bir daha bəyan edən Prezident, həmçinin vurğulayıb ki, ölkəmiz Qərb ilə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüdür. Bu fikir Azərbaycanda katolik, müsəlman, ortodoksal və yəhudi icmaları arasında mövcud olan səmimi münasibətlərdən sevincini ifadə edən Papa Fransiskin bəyanatında da əks olunub. Roma Papası Azərbaycana səfəri zamanı Bakıdakı Katolik Kilsəsində messa – dini mərasim keçirib, Heydər məscidinə gedərək orada Azərbaycanın müsəlman, yəhudi və xristian icmaları ilə görüşüb.

Daha sonra səfir yazır ki, Roma Papasının Azərbaycanda səmimi qəbul edilməsi radikalizmin və ekstremizm ideologiyasının inkar olunmasının əsasında duran təhsilin, ənənələrin və mədəni müxtəlifliyin rolunu göstərir. Təbii ki, digər əsas element ölkə rəhbərliyinin bu cür ənənələri davamlı olaraq dəstəkləməsidir.

Roma Papası yola düşməzdən öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edib. O, burada Vətən uğrunda həyatını qurban vermiş müxtəlif millətlərə və dinlərə mənsub insanların məzarlarını görüb. “Bu, ölkənin mədəni müxtəlifliyini bir daha yada salır”, - deyə E.Süleymanov sonda vurğulayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.