İDMAN
“The Weekly” jurnalında “Neftçi”nin son illərdə qazandığı nailiyyətlərdən bəhs olunub
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Sven Goldmanın yazısında “Neftçi”nin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib. İki il əvvəl “Neftçi”nin Avropa Liqasında oynadığını vurğulayan müəllif İtaliyanın “İnter” komandası ilə səfər oyununda qeydə alınmış 2:2 hesablı nəticəni də xatırlayıb. Yazıda SSRİ dövründə “Neftçi”nin Moskva, Sankt-Peterburq və Kiyev kimi şəhərlərin təmsilçiləri ilə başa-baş mübarizə apararaq, 1966-cı ildə çempionatın bürünc medallarını qazanması qeyd olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə çempionatının məhz “Neftçi”nin hegemonluğu ilə keçdiyini qabardan nəşr son mövsümdə “Qarabağ” klubunun çempion olduğunu yazıb. Ağdamın erməni işğalçıları tərəfindən zəbt edilməsindən sonra “Qarabağ” klubunun məcburi olaraq Bakıda məskunlaşdığını vurğulayan müəllif buna baxmayaraq, paytaxtın bir nömrəli klubunun “Neftçi” olduğunu önə çıxarıb. Ötən mövsüm qeydə alınan sürpriz nəticəyə rəğmən “Neftçi”nin bu il növbəti çempionluğa doğru irəlilədiyi yazıda əksini tapıb.
Sonda isə müəllif Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilmiş oyunda “Xəzər-Lənkəran” üzərində qazanılmış qələbədən yazaraq oyuna geniş şərh verib.