REGİONLAR
“Thomson Reuters” agentliyinin nümayəndələri Naxçıvan Dövlət Universitetində görüş keçiriblər
Naxçıvan, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” agentliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində agentliyin nümayəndələri Naxçıvan Dövlət Universitetində (NDU) elmlər doktorları, professorlar və gənc tədqiqatçılar ilə görüş keçiriblər.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Qriqoryeviç Boqorov “Web of Science” platformasından səmərəli istifadə, platformanın xüsusiyyətləri, elmi resursların axtarışı, istifadə forması, istinadlar və digər spesifik mövzular barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, yeddi nəhəng elektron elmi bazanı özündə birləşdirən “Web of Science” elmi platformasına malik “Thomson Reuters” agentliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında ölkənin 40 ali təhsil müəssisəsinə müvafiq platformalara tam çıxış imkanı yaradıb.
“Web of Science” proqramının təlim üzrə mütəxəssisi Aygün Babazadə proqram, bu bazaya daxil olan jurnallarda məqalələrin dərci qaydaları haqqında məlumat verib. Qeyd olunub ki, nüfuzlu jurnallarda dərc olunan çap materiallarının və kitabların “Web of Science Core Collection” toplusunda təbiət elmləri, humanitar, sosial elmlər və incəsənət sahələrini əhatə edən məlumatların tapılması mümkündür. Tədbirdə axtarış vasitələrindən istifadənin daha səmərəli yollarından danışılıb, saytdan istifadə əyani olaraq nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.