ELM VƏ TƏHSİL
“Thomson Reuters”in təlim proqramları barədə müzakirələr aparılıb
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Thomson Reuters” şirkətinin MDB ölkələri üzrə nümayəndələri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı ilə universitet arasında əməkdaşlıq müzakirə olunub, Azərbaycanda elmin inkişafı istiqamətində görülən işlərdən danışılıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Thomson Reuters” ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb, bu qurumun ölkədə mühüm elmi nailiyyətlərin əldə edilməsində, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiya prosesində əhəmiyyətli yer tutduğunu qeyd edib.
Azərbaycanda elmin inkişafından danışan “Thomson Reuters”in MDB ölkələri üzrə direktoru Oleq Utkin universitetlə əməkdaşlığın genişləndirməsinin, məqalələrin yazılma qaydaları və digər prosedurlarla bağlı treninqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə “Thomson Reuters” tərəfindən ADNSU-nun tədqiqatçı alimləri və doktorantları üçün təlimlərin təşkil edilməsi təklif olunub. İmpakt faktorlu jurnallara elmi tutumlu məqalələrin cəlb edilməsi yolları və dünyanın nüfuzlu elmi jurnallarında məqalələrin dərc olunması üçün tələb olunan şərtlər və məqalələrin yazılması qaydaları haqqında məlumatlar paylaşmaq məqsədilə universitetdə seminar və treninqlərin təşkili nəzərdə tutulub. Daha sonra “Thomson Reuters”in təlim proqramları barədə müzakirələr aparılıb.