CƏMİYYƏT


Tibb Universiteti rezident-mütəxəssislərin hazırlanması ilə fəal məşğuldur

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Azərbaycan Tibb Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş “ATUREK-5” rezidentlərimizin elmi-təcrübi konfransı keçirilir.

“ATUREK” konfransları 2013-cü ildən başlayaraq hər il təşkil olunur.

AZƏRTAC xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu il konfransa daha çox - təxmini 190 elmi iş təqdim edilib.

Tədbirdə təhsil, elm, o cümlədən ölkəmizdə cavan kadrların yetişdirilməsi istiqamətində ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayan universitetin rektoru, professor Gəray Gəraybəyli bildirib ki, gələcəyin tibbi bu günün rezidentlərinin yetişdirilməsindən asılıdır. ATU-nun rezident-mütəxəssis hazırlanması ilə fəal məşğul olduğunu deyən rektor rezidentlərin yüksək səviyyəli mütəxəssislər kimi yetişməsində Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılan universitet klinikalarının əvəzsiz rolunu vurğulayıb. Rektor deyib: “Bu gün ATU-nun ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş bütün klinikalarında və kafedralarında 30-dan çox ixtisas üzrə 650-dək rezident təcrübi və elmi biliklərini artırırlar. Onlar 2013-cü ildən başlayaraq öz təcrübi bacarıqlarının artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə rotasiya keçmək üçün xarici ölkələrə ezam olunurlar. Hər il təxminən 100-120 nəfər universitetlər arasındakı müqavilələr əsasında Türkiyənin müxtəlif universitetlərində, eləcə də Almaniyada, İsveçdə, Norveçdə, Fransada, ABŞ-da və digər ölkələrdə 3-8 ay müddətində rotasiyada olurlar. Beş il əvvəl Azərbaycanda tibb təhsilində baş verən islahatları xüsusi vurğulamaq istərdim. Bu tibb elmində inqilabi yenilikdir. Son beş ili analiz etdikdə istər rezidentlərin təkmilləşməsində, istərsə də xaricdə keçdikləri praktikalarda böyük inkişaf müşahidə edilir. Hazırda gələcəyin həkimləri nadir xəstəliklərin öyrənilməsi istiqamətində mühüm tədqiqatlar aparırlar”.

Sonra rezidentlərin elmi işləri tədbir iştirakçılarına təqdim olunub.

Konfrans iki gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.