CƏMİYYƏT
Tibb Universitetində “Azərbaycan-Türkiyə 1-ci endokrin günləri” keçirilib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Azərbaycan-Türkiyə 1-ci endokrin günləri” keçirilib. Tədbirdə Türkiyədən dəvət olunmuş mütəxəssislər, klinikanın həkim və rezidentləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən bildirilib.
ATU-nun elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev tədbir iştirakçılarına Tibb Universitetinin fəaliyyəti haqqında geniş məlumat verib. O, universitet klinikalarının yaranmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb. Eyni zamanda, bu klinikaların təkmilləşdirilməsində türkiyəli həkimlərin rolu qeyd edilib. “Hər sahədə yeni işə başlayanda türkiyəli həkimlər təmənnasız bizə yardımçı olublar. Demək olar ki, Türkiyənin əksər universitetləri ilə tələbə mübadiləsi edirik. Bizim əməkdaşlığımız bundan sonra da davam edəcək”, - deyə İ.İsayev bildirib.
Öz növbəsində türkiyəli qonaq Ceyhun İrgil Azərbaycanda olduğundan məmnunluq hissi keçirdiyini bildirib. O, endokrin cərrahiyyəsi haqqında tədbir iştirakçılarını məlumatlandıraraq deyib: “Tiroid cərrahiyyəsində əvvəl hər kəsi əməliyyat edirdik. Ancaq son illərdə tiroid əməliyyatlarının 90 faizinin gərəksiz olduğu iddia edilir. İndi sadəcə 10 faiz əməliyyatlarımız olur. Nə qədər az əməliyyat etsək, bizim üçün bir o qədər yaxşı olar”.
Professor Seher Demirer Azərbaycanla bağlı öz təəssüratlarını bölüşərək bildirib ki, hazırda onların universitetlərində təhsil alan azərbaycanlı tələbələr var və onlarla işləmək türkiyəli həkimlərə zövq verir.
Daha sonra Türkiyənin tanınmış endokrinoloqları Seher Demirer, Güngör Akçay, Halil Erol, Ceyhun İrgil, Can Başaran, radioloq Nuray İpək və Mərkəzi Gömrük Hospitalının professoru İlqar Həsənov məruzə ilə çıxış ediblər. Hər bir məruzə maraqla dinlənilib və geniş şəkildə müzakirə olunub.
Sonra 16 həkim seçilərək “Tiroid düyünlərində incə iynə aspirasion biopsiya kursu”nda iştirak ediblər. Kursda normal qalxanvarı vəzin ultrasəs müayinəsi aparılaraq bu barədə məlumat verilib, həmçinin canlı xəstə üzərində ultrasəs müayinəsi ilə düyündən biopsiya aparılma qaydaları göstərilib. Həkimlər hazırlanmış maket üzərində ultrasəs müayinəsi nəzarəti ilə biopsiyanı icra ediblər.
Sonda kurs iştirakçılarına müvafiq sertifikatlar verilib.