CƏMİYYƏT
Tibb Universitetində Azərbaycan-Türkiyə I Beynəlxalq Məhkəmə Tibbi Ekspertiza və Patologiya Konqresi keçirilir
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycan-Türkiyə I Beynəlxalq Məhkəmə Tibbi Ekspertiza və Patologiya Konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət himni səsləndirildikdən sonra universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov açılış nitqi ilə çıxış edib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsi hər iki ölkənin bütün sahələrdə strateji inkişafının bazasını təşkil edir. Ölkələrimiz arasında hüquq və tibb elmini özündə birləşdirən məhkəmə təbabəti sahəsində əməkdaşlıq da bu inkişafın tərkib hissəsidir. Azərbaycan və Türkiyənin məhkəmə və patoloji anatomiya üzrə mütəxəssislərinin bu gün bir araya gəlməsi təcrübə mübadiləsi baxımından təqdirəlayiqdir. “Bugünkü konqres həkimlər və tibb hakimləri üçün faydalı olacaq, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə səbəb olacaq. Ümid edirəm ki, bu konqres gələcəkdə də keçiriləcək”, - deyə R.Bəylərov əlavə edib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov isə çıxışında ölkəmizdə məhkəmə təbabəti üzrə ilk dəfə keçirilən konqresin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, konqresdə məhkəmə təbabəti və patoloji anatomiyaya dair elmi-tədqiqat işlərinin nəticələri ilə yanaşı, mütəxəssis mübadiləsi məsələləri də müzakirə olunacaq.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov Azərbaycan və Türkiyənin məhkəmə tibbi ekspertiza sahəsində əməkdaşlıq əlaqələrindən danışıb. O, Azərbaycanın Ədliyyə Nazirliyi ilə Türkiyənin Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizasına dair sazişin imzalanmasını diqqətə çatdırıb.
Sonra Türkiyənin məhkəmə təbabəti üzrə tanınmış mütəxəssisləri Osman Celbiş, Sevil Atasoy və Ahmet Hakan Dinç çıxış edərək konqresin işinə uğurlar arzulayıblar və belə bir əhəmiyyətli tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
Konqres işini panel iclaslarında davam etdirib. Panel iclaslarında türkiyəli və yerli mütəxəssislərin məhkəmə tibbi ekspertiza və patoloji anatomiyaya dair ən aktual problemlər və bu sahədə tətbiq edilən son metodlarla bağlı məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Konqres işini oktyabrın 15-də başa çatdıracaq.