CƏMİYYƏT
Tibb Universitetində Bilik günü qeyd olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Tibb Universitetində (ATU) Bilik gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Gəray Gəraybəyli ölkəmizdə Bilik gününün keçirilməsi ənənəsinin əsasının Prezident İlham Əliyev tərəfindən qoyulduğunu xatırladaraq deyib: “Azərbaycanda elmi biliklərin, təhsil sisteminin, səhiyyənin ardıcıl inkişafı Prezidentin qlobal inkişafa doğru aparan uzaqgörən siyasətinin tərkib hissəsini, bu siyasətin əsas özəyini təşkil edir”.
Rektor bildirib ki, bugünkü nailiyyətlərin əldə edilməsi uzun illərdən bəri Azərbaycan Tibb Universiteti əməkdaşlarının apardıqları elmi axtarışların, gərgin əməyin, çəkilən zəhmətin sayəsində mümkün olub. Diqqətə çatdırıb ki, 2016-2017-ci tədris ilində Azərbaycan Tibb Universitetinə 1002 nəfər qəbul olunub. Onlardan 954-ü həkim, hərbi həkim, 48-i isə hərbi feldşer ixtisasını seçib. ATU-ya 700 bal toplayaraq qəbul olunanların sayı 3 nəfər, 600-dən çox bal toplayaraq qəbul olunanların sayı 416 nəfərdir.
ATU-nun insan anatomiyası kafedrasının müdiri professor Vaqif Şadlinski bu təhsil ocağının nəinki respublikada, ümumiyyətlə regionda fəaliyyət göstərən universitetlər arasında seçildiyini söyləyib.
Bu il qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək nəticə ilə ATU-nun müalicə-profilaktika fakültəsinə qəbul olunan tələbə Orxan Zülfüqarov isə müəllimlərinin etimadını doğruldacağını bildirib.
Toplantıda universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Sonda bu il ATU-ya qəbul olunan bir qrup gəncə tələbə biletləri təqdim edilib.