SİYASƏT
Tibb Universitetində Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi qeyd olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan müstəqilliyini bərpa etdiyi son 25 il ərzində dünya səviyyəsində tanınan və sayılan dövlətlərdən birinə çevrilib. İndi Azərbaycanın üçrəngli bayrağı dünyanın ən mötəbər qurumlarında dalğalanır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Tibb Universitetində (ATU) Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr edilən geniş konfransda səsləndirilib. Açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli deyib ki, xalqımızın şücaəti və ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyi qoruyub saxlamaq mümkün olub. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində isə Azərbaycan hazırda dünya səviyyəsində nümunəyə çevrilib. Dünyanı qlobal böhran bürüdüyü bir dövrdə, Azərbaycan hər sahədə stabilliyini qoruyub saxlaya bilib. “İstərdim ki, müstəqillik dövründə dünyaya göz açan gənclərimiz, tələbələrimiz bu tariximizi bilsinlər və qazandığımız azadlığa dəyər versinlər”, - deyə rektor əlavə edib.
Digər çıxış edənlər də Azərbaycanın müstəqillik tarixinə nəzər salaraq tədbir iştirakçılarına həmin dövrdə yaşanan hadisələri xatırladıblar.
Sonda ATU-nun II müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Xatın Məmmədova çıxış edərək müasir Azərbaycan gənclərinin şərəfli müstəqillik tariximizlə fəxr etdiklərini bildirib.