CƏMİYYƏT
Tibb Universitetində İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının qərarı ilə universitetin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılması qərara alınıb və onun 9 nəfərdən ibarət tərkibi formalaşıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu gün təhsil müəssisəsinin rektoru, professor Gəray Gəraybəyli yeni yaradılmış qurumun üzvləri ilə görüşüb. Görüş zamanı rektor yeni yaradılmış Şuranın məqsədləri haqqında məlumat verərək onu da söyləyib ki, istənilən ali məktəbdə gedən proseslərin düzgün, şəffaf və ədalətli həllində ictimaiyyətin böyük rolu var. Buna görə də rektor universitetdə gedən proseslərin şəffaflığını təmin etmək məqsədilə bir neçə aydır ki, tələbələrlə mütəmadi olaraq görüşlər keçirir.
Çıxış edən İctimai Şura üzvləri bildiriblər ki, qurumun əsas işi ATU-da gedən proseslərin, görülən işlərin fayda və səmərəsini ortaya çıxarmaqdır.
Qeyd edək ki, Şuranın tərkibinə tələbə və valideynlər də daxil edilib. Şuranın sədri Milli Məclisin deputatı, həkim qastroenteroloq İlham Məmmədov, sədr müavini ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva, şuranın katibi isə Əhməd Abbasbəyli seçilib.