CƏMİYYƏT
Tibb Universitetində “Revmatoloji xəstəliklərin müasir diaqnostika metodları” mövzusunda konfrans keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Revmatoloji xəstəliklərin 200-dən çox nozoloji vahidi var və ən aktual problemlərdən sayılır. Təkcə ABŞ-da revmatik xəstəliklərə çəkilən xərclər hipertoniya və şəkərli diabet xəstəliyinə çəkilən xərclərdən beş-altı dəfə çoxdur. Dünyanın hər yerində revmatoid artrit xəstəliyinə rast gəlinir. Hazırda tətbiq edilən müasir müalicə metodları vasitəsilə xəstəliyi tez aşkar etmək olur.
Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin Tədris Terapevtik Klinikasında “Revmatoloji xəstəliklərin müasir diaqnostika və müalicə metodları” mövzusunda keçirilən konfransda bu barədə danışılıb.
Konfransı giriş sözü ilə açan direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev revmatoloji xəstəliklərin yalnız tibbi deyil, həm də sosioloji problem olduğunu bildirib və onun yayılma arealından bəhs edib.
Klinikanın revmatologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev “Revmatoloji xəstəliklərdə xroniki ağrı sindromun müalicəsi” mövzusunda danışarkən deyib: “Dünya əhalisinin təqribən 1,2 faizi bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda isə təqribən 100 mindən nəfərdən artıq revmatoid artritli xəstə var.
Revmatik xəstəliklərdə ağrıların nozoloji vahidlərinə gəlincə, burada birinci yeri bel, ikinci yeri belin aşağı hissəsi və dizdə olan ağrılar tutur. Qadınlar arasında ən çox ostreoartoz, yəni diz ağrıları, kişilərdə isə bud-çanaq oynağının zədələnməsi üstünlük təşkil edir”.
Fizioterapiya və idman kafedrasının dosenti Paşa Mehdiyevin “Revmatoloji xəstəliklərin müalicəsində fiziki üsulların tətbiqi” mövzusunda çıxışında bildirib ki, bu, təbabətin ən aktual problemlərindən biridir və gənc yaşda hətta əlil olmağa qədər aparıb çıxarır: “Revmatoloji xəstəliklər xüsusi diqqət, qayğı, müayinə və müalicə tələb edir. Hər hansı müalicə üsulu xəstənin həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olursa, bunu uğur kimi qiymətləndirmək olar. Revmatoloji xəstəliklərdə fiziki amillərdən istifadə etdilməyəndə müalicənin keyfiyyəti çox aşağı olur”.
Həkim-laborant Nurlanə Mamyayeva “Revmatoloji xəstəliklərin laborator diaqnostikası” mövzusunda çıxış edərkən müasir standartlara cavab verən Tədris Terapevtik Klinikanın laboratoriyasının ən yeni cihazlarla təmin edildiyini və geniş xidmət sahəsinə malik olduğunu söyləyib.